Musiqimiz
Azərbaycan musiqisi – Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmış müxtəlif janrlı musiqi. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraqAzərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir.
Azərbaycanın musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək inkişaf etmiş, təkmilləşmiş, həyat dairəsi genişlənmiş, yeni-yeni janrları mənimsəmiş və zənginləşmişdir. Keçmişin klassik musiqi sərvəti olan muğamlar milli musiqi mədəniyyətimizin əhəmiyyətli bir hissəsini təşkil edir. Xanəndələr və sazəndələrin yaradıcılığında zəngin klassik irsimiz olan muğamlar inkişaf edərək bu gün yüksək nümunələri ilə yaşayır.
Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları – ifaçılar daxildir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttar, Hacı Hüsü – şöhrət qazanmış, muğam məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, Məşədi İsinin, Ələsgər Şirinin, tarzən Sadıqcanın və b.-nın, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdıoğlunun, Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və b. adların xüsusi qeyd olunmalıdır.
Xan Şuşinski, Zülfü Adıgözəlov, Haşım Kələntərli, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Sürəyya Qacar, Fatma Muxtarova və başqaları XX əsrin əvvəllərində yaranmış məşhur müğənnilərdir. Bu dövrdə muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mənsurov və b.-nın adları da şöhrət qazanmışdır.
Dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun 1908-ci ildə yanvarın 8(25)-də tamaşaya qoyulmuş "Leyli və Məcnun" muğam operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoydu. "Leyli və Məcnun" operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlman Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov isə (1885-1948) tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur. Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı – bir çox janrların meydana gəlməsi və təkamülü, bir sıra professional kollektivlərin yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.
30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapazonu genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri – neoklassizm, dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir. Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın – Qara Qarayev (1918-1982), Fikrət Əmirov (1922-1984) və Niyazinin (1912-1984) yaradıcılıq axtarışları ilə bağlıdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, disklərə yazılmış və mükafatlara layiq görülmüşlər. "Cəvahirləl Nehru", "Bela Bartok adına medal" və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük dirijorları sırasına daxildir.
30-40-cı illərdə Azərbaycan musiqisində Səid Rüstəmov (1907-1983) və Tofiq Quliyev (1917-2000) kimi mahir mahnı ustaları meydana gəlir. S. Rüstəmov "Alagöz", "Qurban adına", "Gəlmədin", "Sürəyya", "Oxu tar" və s. gözəl mahnıları, "Beşmanatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyaları kimi əsərlər yaratmışdır. T. Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən, habelə Avropanın estrada və caz musiqisindən qidalanmış – "Sənə də qalmaz", "Qızıl üzük", "Bəxtəvər oldum", "Bakı haqqında mahnı", "Zübeydə" və b. populyar mahnıları Azərbaycan musiqisinin mahnı yaradıcılığında gözəl nümunələrdir.
- Üzeyir Hacıbəyov
- Rəşid Behbudov
- Fikrət Əmirov.
- Qara Qarayev
- Müslüm Maqomayev